Loading icon
Xırda şeyləri dərd etməyin
Xırda şeyləri dərd etməyin

İndiyə qədər bir çox kitab oxudum. Amma birazdan haqqında danışacağım kitab qədər, sakit yaşam tərzi ilə bağlı yığcam və faydalı kitabla rastlaşmadım. Müəllifinin Richard Carlson olduğu kitabın adı “Xırda şeylər dərd etməyin”-dir. Kitabın adı, sizdə, kitab haqqında “adi, içi boş şəxsi inkişaf kitabı” təəsüratı oyada bilər. Düzünü desəm, qeyri-adi bir kitab da deyil. Amma əminliklə deyə bilərəm ki, əgər rahat yaşamaqla bağlı probleminiz varsa, hər xırda şeyə düşüncələriniz ilişib qalırsa, oxumalı olduğunuz kitablar arasındadır.

Normalda hansısa kitab haqqında danışmamışdan qabaq əvvəlcə onun müəllifi haqda danışmağı uyğun görürəm. Fikrimcə, kitabı oxumamışdan qabaq onun müəllifinin həyata olan baxışını, fikirlərini, ideologiyasını anlamaq, daha düzgün yol tutmağımıza kömək olar. Lakin, oxuduqca gördüm ki, haqqında danışdığımız kitabın içindəkilər hər hansısa ideologiyaya və ya şəxsi baxış bucağına əsaslanmır. Əksinə, orada qeyd olunanlar, rahat, sakit, narahatlıqdan maksimum uzaq yaşamaq istəyən hər bir insanın mütləq şəkildə malik olmalı olduğu bacarıqlardır. Müəllif haqda qısaca qeyd edim. 

Dr. Richard Carlson 16 may 1961-ci ildə Piedmont, Kaliforniyada anadan olmuşdur. Karyerasına psixoterapevt olaraq başlamışdır və özünün idarə etdiyi stress idarəetmə mərkəzinin qurucusu idi. “Xırda şeyləri dərd etməyin” adlı kitabı USA Today-də 2 il ard-arda ən çox satılan kitab oldu. Eyni zamanda, bu kitab, Amerikada ilk kitab idi ki, bir ildə 5.7 milyon ədəd satılmışdı. "Xırda şeyləri dərd etməyin" onun sayca onuncu kitabı idi və məşhurluğuna da səbəb olan, elə bu kitab idi. 135 ölkədə, 35 dildə nəşr olunub. Hal-hazırda Ali və Nino kitab mağazasında Azərbaycan dilində, satışda mövcuddur. Onlayn sifariş etmək istədiyiniz təqdirdə kitabın satış səhifəsinə buradan keçid edə bilərsiniz.

Belə bir sadə mövzuda belə bir sadə kitabın niyə bu qədər uğurlu olması sizdə sual doğura bilər. Onsuz da, hamımız xırda şeyləri dərd etməməli olduğumuzu bilirik. Elə deyil? Ola bilsin ki, bilirik. Amma, məsələ burasındadır ki, bunu çox tez-tez unuduruq. Kitabın bu qədər satılması da, bunun sübutudur. Bundan əlavə, nələrin böyük, nələrin xırda məsələlər olması insandan insana dəyişir. Bir məsələ sizin üçün xırda bir məsələ olduğu halda, digəri üçün faciəvi bir məsələ ola bilər və ya əksinə. Kitabın da əsas məqsədi budur. Sizə böyük görünə biləcək məsələlərin bir çoxunun əslində necə xırda olduğunu sizə göstərmək. 

İnanın ki, bəzən elə məsələləri özümüzə problem edirik ki, kənardan özümüzü müşahidə edə bilsəydik, bu halımız bizə çox qəribə və absurd gələrdi. Hətta, belə bir şansı müəyyən zaman keçdikdən sonra əldə edə bilirik. Keçmişdə baş vermiş, üstündən uzun müddət keçmiş hər hansı məsələni yenidən xatırladıqda və ona verdiyimiz reaksiyaya nəzər saldıqda bəzən, hətta çox vaxt görə bilirik ki, əslində həmin vaxt bu məsələni boş yerə dərd etmişik, böyütmüşük və sadəcə özümüzü incitmişik. İşin maraqlı tərəfi də odur ki, bunu xatırlayırıq, hər şeyi başa düşürük, amma təəssüf ki, dərs çıxarmırıq. Gələcəkdə yenə də, oxşar məsələyə oxşar reaksiyanı göstərə bilirik. Ola bilər ki, həmin məsələlərdə siz haqlı idiniz və haqlı olaraq da geri çəkilə bilməzdiniz. Heç cürə mümkün deyildi. Amma bu halda bir neçə sual çıxır ortaya:

Həmin vaxt haqlı olmağınız, xoşbəxtliyinizdən imtina etməyinizə (narahatlığa qucaq açmağınıza) dəydimi? 
 
Əgər fərqli reaksiya göstərmiş olsaydınız, nələri qazanmış olardınız və nələri itirmiş olardınız?
 
Həmin məsələni həqiqətən də problem etmək lazım idimi?
 
Bundan 5 il sonra bu məsələnin sizin üçün hər hansısa əhəmiyyəti qalacaqmı?
 

Burada vurğulamaq istədiyim şey, haqlarınızdan imtina etməniz deyil. Əlbəttə ki, bəzi məsələlərdə öz haqqınızı mütləq şəkildə müdafiə etməlisiniz. Burada qeyd etmək istədiyim odur ki, çox zaman haqlı olmaq yerinə, qarşınızdakının “haqlı olmasına” izn vermək, əmin olun ki, haqlı çıxdığınız zaman hiss edəcəyiniz qısamüddətli məmnunluq duyğusundan daha çox şey qazandıracaqdır sizə. 

Kitabda ümumilikdə 100 ədəd yanaşma mövcuddur. Bunlardan bəyəndiyim və təcrübə etdiyim bir neçə başlığı qısa şəkildə burada qeyd etmək istəyirəm.

Qüsurları qəbul edin

Hər şeyin qüsursuz olması ehtiyacı ilə rahatlığımız bir-birinə zidd olduğuna görə, bu günə qədər daxili rahatlığa malik heç bir mükəmməlliyətçi ilə qarşılaşmadım. Hər hansı bir şeyin, bizim istədiyimiz şəkildə və mövcud vəziyyətindən daha yaxşı olmasına bağlı olduğumuz zaman, özümüzü, qalib gəlməyimiz demək olar ki, mümkün olmayan bir mübarizənin içində tapa bilərik. Əlimizdə olanlara şükür etmək əvəzinə, nələrin səhv olduğuna və bunları necə düzəldə biləcəyimizə fokuslanırıq. Bu metodun məqsədi əlinizdən gələnin ən yaxşısını etməyi buraxmaq deyil, daha yaxşısını etməyin bir yolu olmasının, hal-hazırda əlinizdə olanları olduğu kimi qəbul etmənizə və onlardan zövq almağınıza hər hansı maneə olmadığını sizə xatırlatmaqdır.

Öldüyünüz zaman görülməli işlər siyahınızın hələ də dolu olacağını unutmayın
Bir çoxumuz, həyatın sirrini, görülməli işlər siyahısını tamamlamaq olaraq görür. Gecəyarısına kimi işləyib, tezdən dururuq, əylənməkdən boyun qaçırır və sevdiklərimizi gözlədirik.  Çox vaxt özümüzü, “görülməli işlər” siyahımıza etdiyimiz aludəçiliyimizin müvəqqəti olduğuna inandırırıq, “qoy, bu işi da başa vurum, sonra rahatlanaram” deyirik. Amma, reallıqda bu belə olmur. Siyahıdakı hər maddə silindikcə aşağısına yeniləri əlavə olunur. 
 
Kim olursunuzsa olun, nə iş görürsünüzsə görün, amma, yaddan çıxarmayın ki, bu dünyada heç nə, sizinlə sevdiklərinizin xoşbəxtliyi və rahatlığından vacib ola bilməz. Əgər hər işi başa vurmaq kimi aludəçiliyiniz varsa, əsl xoşbəxtliyə heç vaxt çata bilməzsiniz. Əslində, hər şey gözləyə bilər. Doğrudan da, iş qrafikimizdə “təcili” kateqoriyasına aid olan çox az məsələ var. Həyatın məqsədi hər işi çatdırmaq yox, bu yolda atılan hər bir addımın dadını çıxarmaq, sevgidolu ömür sürməkdir. Yaddan çıxarmayın ki, öləndə siyahınızda, hələ də, tamamlanmamış işlər olacaq və bu işləri sizin yerinizə başqası görəcək. Ona görə də, həyatınızın qiymətli anlarını, sonradan peşmançılıq çəkəcəyiniz şəkildə xərcləməyin.
 
Qoyun diqqət başqasının olsun

Sizə yönələcək diqqətə ehtiyac duymayıb, o anın zövqünü başqalarına verdiyiniz vaxt, insan ruhunu sehrli bir əhval bürüyür və çox fərqli bir rahatlığa qərq olursunuz. Həddindən çox diqqətə duyduğumuz ehtiyac bizim eqoist tərəfimizdir və tez-tez deyir: 

— “Mənə baxın. Mən fərqliyəm. Mənim söhbətlərim sizinkilərdən daha maraqlıdır”. 

İçimizdən gələn həmin səs bunları deməyə də bilər, amma, gizli-gizli “mənim müvəffəqiyyətlərim sizinkilərdən bir az daha əhəmiyyətlidir” fikrinə inanır. Eqomuz həmişə görülmək, dinlənilmək, hörmət görmək və xüsusi davranılmaq istəyir. Çox vaxt da bu, başqalarını bir kənara itələyib özümüzü qabağa çıxarmaq mənasına gəlir. Həmin cəhətimiz ucbatından başqalarının sözünü kəsirik, ya da mövzunun və diqqətin yenidən bizə yönəlməsi üçün danışma növbəsinin gəlib çatmasını böyük səbirsizliklə gözləyirik. Bundan xeyli zərər görsək də, təəssüf ki, əksəriyyətimizdə həmin vərdiş az-çox vardır. Danışılanlara müdaxilə edib, mövzunu yenidən özünüzə çəkdiyiniz zaman həmsöhbətinizin bu söhbətdən aldığı zövqü azaldırsınız və bu da insanlardan uzaqlaşmağınıza səbəb olur. Nəticədə isə, hamı itirir. 
 
Bu vərdişdən yaxa qurtarmaq asan olmasa da, diqqət mərkəzi olma ehtiyacınızı bir kənara ataraq, onun yerinə, başqasının diqqət mərkəzi olmaqdan aldığı zövqü, onunla bərabər yaşamağın səssiz özgüvəninə sahib olmaq, olduqca əla hiss etdirir. Təbii ki, təcrübələrin qarşılıqlı danışılmasının münasib olduğu və diqqəti bütünlüklə başqasına vermək əvəzinə, bölüşməyin də lazım gəldiyi məqamlar vardır. Amma, burada bəhs etdiyim, diqqəti başqalarından davamlı şəkildə almağa çalışdığımız məqamlardır. Görəcəksiniz ki, diqqət mərkəzi olmaq həvəsini öldürdüyünüz təqdirdə, marağı öz üzərinizdə cəlb etmək ehtiyacının yerini, bunu başqalarına ötürməkdən yaranan səssiz özgüvən və daxili rahatlıq alacaqdır.
 
Stəkanın çoxdan sınıq olduğunu fərz edin
Bu yanaşmanın mahiyyəti həyatın daima dəyişiklik içində olduğunu qəbul etməkdir. Hər şeyin bir başlanğıcı və sonu vardır. Hər ağac bir toxumla başlayır və zamanı gəldikdə təkrar torpağa çevrilir. Qaya parçaları yaranır və yox olur. Bu fəlsəfənin müasir dünyadakı mənası - hər bir avtomobil, mühərrik və geyim əvvəlcə istehsal olunacaq, sonra zamanla aşınıb yox olacaqdır. Bədənlərimiz doğulur və ölür. İstehsal olunan stəkan əvvəl-axır qırılacaqdır.
 
Bu yanaşma özü ilə birlikdə rahatlıq gətirir. Bir şeyin onsuz da qırılacağını bilirsinizsə və qəbul edirsinizsə, onun qırılması sizi təəccübləndirməz və pis olmağınıza səbəb olmaz. Bir şey yox olduqda qəmlənmək əvəzinə, bir müddət həyatınızda olduğu üçün minnətdar hiss edərsiniz. Bu yanaşmanın əsas məqsədi qaçınılmazı, təbii hadisələri qəbul etməkdir. 
 
Olduğunuz yerdə xoşbəxt hiss etməyə çalışın
Çox təəssüf ki, bir çoxumuz xoşbəxtliyimizi və rahatlığımızı davamlı olaraq, hətta bəzilərimiz sonsuza qədər təxirə salırıq. Bunu şüurlu olaraq etməsək də, əsasən, borclar ödəndikdə, məktəb bitdikdə, işə girdikdə və ya vəzifəmiz qalxdıqda hər şeyin daha yaxşı olacağına özümüzü inandırırıq. Sonrasında isə ailə qurduqdan sonra, uşağımız olanda, hətta ikinci uşağımız dünyaya gəldikdə və onlar böyüdükdən sonra xoşbəxt və rahat olacağımızı düşünürük. Bundan sonra isə uşaqların yeniyetməlik dövrünün keçməsini gözləyirik. Bunun ardınca isə daha yaxşı avtomobil aldıqda, gözəl bir səyahətə çıxdıqda, təqaüdə çıxdıqda və s. kimi bir çoxun şey qaydasına düşdükdə xoşbəxt və rahat olacağımızı zənn edirik. Halbuki, bunları düşünə-düşünə həyat axıb getməkdədir. Həqiqətən xoşbəxt olmağımız üçün indiki andan daha yaxşı bir vaxt yoxdur. İndi xoşbəxt olmayacağıq, bəs nə vaxt olacağıq?
 
Həyatımızdakı problemlər təəssüf ki, heç zaman bitməyəcəkdir. Ən yaxşısı, bu reallığı qəbul edib, hal-hazırda mövcud olan vəziyyətdə xoşbəxt olmağa qərar verməkdir. Ən çox bəyəndiyim fikirlərdən biri Alfred De Souzaya məxsusdur: “Uzun müddət mənə elə gəlirdi ki, həyatım, yəni, həqiqi mənadakı həyatım çox yaxında başlayacaq. Amma, qabağımı həmişə hansısa maneə, həllediləsi problem, yarımçıq qalmış iş, ödənilməsi lazım gələn borc kəsirdi. Həyat, bunlar tamamlandıqdan sonra başlayacaqdı deyə düşünürdüm. Amma, sonradan başa düşdüm ki, bu maneələr elə həyatın özü imiş”.
Bu baxış bucağı, mənim çox önəmli bir şeyi anlamağıma səbəb oldu: 

Xoşbəxtliyə gedən yol yoxdur. Xoşbəxtlik, o yolun özüdür.

Yazını maksimum yığcam etmək üçün yuxarıda qeyd etdiyim başlıqların içində də bəzi qısaltmalar etdim. 

Kitabı isə oxumağınızı şiddətlə tövsiyə edərdim. Hətta bu kitab mənə görə, adi kitabdan daha çox, rahat yaşamaq üçün təlimat kitabçasıdır. Bunu bir dəfə oxuyub bitirib kənara atmaq əvəzinə vaxtaşırı yenidən oxuyub yanaşmaları özünüzə xatırlatmağınız daha yaxşı nəticələr əldə etməyinizə kömək edəcəkdir.

Məqalənin şəkli: Image by pikisuperstar on Freepik