Loading icon
Rəqəmsal minimalizm
Rəqəmsal minimalizm

Rəqəmsal dünyanın həyatımızda çox geniş yer tuttuğunu yəgin ki, heç birimiz inkar edə bilmərik. Özü ilə birlikdə bir çox fayda gətirsə də, bir o qədər də zərər gətirdi. İşin pis tərəfi isə odur ki, çoxumuz bu zərərlərin fərqində deyilik. Onsuz da, bir müddətdir rəqəmsal dünyanın zehni sağlamlığımıza və psixologiyamıza gətirdiyi ağırlıq barədə düşünürdüm. Elə bu ərəfələrdə də, müəllifinin Cal Newport olduğu "Digital minimalism" kitabı ilə rastlaşdım və oxumağa başladım. Cal Newport komputer elmləri üzrə professordur. Özünün rəqəmsal dünyaya qarşı minimalist yanaşması ilə də tanınır deyə bilərik. Amma, bu yanaşma içi boş bir yanaşma deyil. Faktlarla öz yanaşmasını dəstəkləyir. Kitabda da, rəqəmsal minimalizmin nə olduğundan, necə tətbiq edə biləcəyimizdən, gətirəcəyi faydalardan və nəyə görə rəqəmsal minimalist olmalı olduğumuzdan bəhs edir. Kitabı artıq oxuyub bitirmişəm və öyrəndiklərimi sizlərlə də paylaşmaq istəyirəm.

Kitab özü ümumilikdə mənim üçün ağır irəlilədi. Amma, həqiqətən dəyərli fikirlərlə doludur və bu fikirləri yığcam və daha anlaşıqlı şəkildə paylaşmağa çalışacam. İstədiyiniz təqdirdə kitabı oxuya bilərsiniz. Azərbaycan dilində olmasa da, hal-hazırda türk dilində Ali və Nino kitab mağazasında satışda mövcuddur. Kitabın satış səhifəsinə buradan keçid edə bilərsiniz.

Rəqəmsal minimalizm - vacib olmayan rəqəmsal texnologiyaların həyatımızdan çıxarılması, vacib olanların isə müəyyən qaydalar çərçivəsində, maksimum fayda və minimum zərər verəcək şəkildə həyatımıza daxil edilməsi fəlsəfəsidir. Burada rəqəmsal texnologiya dedikdə nəzərdə tutulan şey, vaxtımızı boş yerə alan faydasız və ya verdiyi faydanı digər rəqəmsal olmayan mənbələrdən ala biləcəyimiz bütün növ texnologiyalar nəzərdə tutulur. Amma kitabdan anladığım qədəri ilə əsas ağırlıq sosial şəbəkələr üzərinə verilib. Bu da başa düşüləndir, məncə. Günümüzdə sosial şəbəkələr boş vaxtı dəyərləndirmək üçün üz tutulan ilk mənbələrdəndir. Buna da vaxtı dəyərləndirmək demək olarsa. Ümumiyyətlə sosial şəbəkələrin həyatımızı necə sömürdüyü ilə bağlı geniş bir yazı paylaşacam. Burada isə çox dərinə düşmədən kitab üzərindən getmək doğru olar. 

Yazar rəqəmsal minimalist olmaq üçün 3 mərhələdən keçməli olduğumuzu qeyd edir:

  1. Vacib olmayan texnologiyaları müəyyən etmək və 30 gün müddətində bu texnologiyalardan istifadəni dayandırmaq. 
  2. Bu 30 gün müddətində yeni məşğuliyyətləri kəşfə çıxmaq.
  3. Texnologiyanın geri dönüşü. 
Birinci mərhələ.

Burada vacib olmayan texnologiya dedikdə nəzərdə tutulan şey, sizə, karyeranıza, həyatınıza heç bir fayda gətirməyən və istifadəsinin dayandırılması işinizə problem yaratmayan texnologiyalardır. Bu texnologiyalara komputer və mobil telefon tətbiqləri, web saytlar və əyləncə platformaları, informasiya və bağlantı vədi verən istənilən növ texnologiyalar (sosial şəbəkələr) daxildir. Fikrimcə, ilk mərhələ ən çətinidir. Bu mərhələyə başladıqdan sonra bir neçə gün "yoxsunluq simptomları" yaşaya bilərsiniz. Sıxıla bilərsiniz. Amma zaman keçdikcə daha yaxşı hiss edəcəyinizdən əmin ola bilərsiniz. Bu 30 günlük dövrün əsas məqsədi sizi texnologiyalardan məhrum qoymaq deyil. Əsas məqsəd sizi bu texnologiyaların təsirindən azad etməkdir ki, sonuncu mərhələdə onlar haqqında neytral olaraq qərarlar verə biləsiniz. 

İkinci mərhələ.

Rəqəmsal texnologiyaları tərk etdiyimizə görə çox güman ki, bolca boş vaxtımız yaranacaq. Bu boşluğu səmərəli və faydalı məşğuliyyətlərlə doldurmaq lazımdır. Online həyat deyil, real həyatda tətbiq edə biləcəyimiz məşğuliyyətlərdən söhbət gedir. Buraya idman etmək, gəzintilərə çıxmaq, dostlarla görüşmək, söhbətləşmək, kitab oxumaq, əl işləri ilə məşğul olmaq, hətta sadəcə oturub düşünmək və s. aid ola bilər. Bu mərhələdə əsas məqsəd sizə uyğun olan, bəyənəcəyiniz, həzz ala biləcəyiniz, ekranlardan uzaq məşğuliyyətləri kəşf etməkdir. 

Üçüncü mərhələ.

30 günlük dövr bitdikdən sonra artıq vacib olmayan dediyimiz texnologiyaları həyatımıza qaytara bilərik. Bu mərhələ həmçinin daha ehtiyatlı davranmalı olduğumuz mərhələdir. Çünki, burada əsas məqsəd sadəcə texnologiyalardan uzaq 30 günlük detoks edib, yenidən onların ağuşuna qayıtmaq deyil. Əsas məqsəd bu dövr bitdikdən sonra hansı texnologiyaların sizə həqiqətən faydalı olduğunu müəyyən etmək, onları həyatınıza qaytarmaq və onlar üçün istifadə qaydaları müəyyən etməkdir. Məsələn, tez-tez xəbər saytlarından istifadə edirsinizsə, bu cür istifadəni dayandırıb özünüz üçün yeni istifadə qaydası müəyyənləşdirə bilərsiniz. Yalnız şənbə günləri xəbər saytlarına daxil olmaq. Və ya sosial şəbəkələrdən boş-boş gəzmək üçün deyil, məlumat əldə etmək, kommunikasiya qurmaq və s. məqsədlərlə gün ərzində maksimum 2 saat istifadə etmək və s.

Mütləq şəkildə qeyd etmək istərdim ki, rəqəmsal minimalizm texnologiyanın əleyhinə deyil, əksinə, lehinədir. Sadəcə, bu fəlsəfə, həyatınızı texnologiyanın yersiz işğalından azad etmək, həyatınızı sizə qaytarmaq, texnologiyalardan fayda ala biləcək şəkildə istifadə etmənizi təmin etmək, son nəticədə daha məhsuldar və həqiqətən həzz ala biləcəyiniz həyatı sizə bəxş etmək niyyətindədir. Zaman və diqqətiniz ən böyük xəzinənizdir. Onları başqalarının deyil, başqalarını varlandırmaq üçün deyil, özünüzün yararınıza istifadə etməlisiniz. 

Kitabda bu qeyd edilənlər barədə həyatdan geniş nümunələr də verilib. Maraqlı olduğu təqdirdə kitabı oxumağınız məsləhətdir.

Məqalənin şəkli:  Image by Freepik