Niyəsindən başlamamışdan qabaq aşağıdakı sualları nəzərdən keçirək:
- “Onsuzda növbə filan hərləyən yoxdur” deyib, digərlərinin növbəsinə girirsinizmi?
- Svetoforun yaşıl işığının yanmasına hələ 3 saniyə qalmış maşını önünüzdəkilərə maksimum yaxınlaşdırıb, tələsdirmək üçün ard-arda siqnalı basırsınızmı?
- Növbədə durarkən tələsdirmək məqsədilə qarşınızdakı şəxsə maksimum yaxın durub, hətta onu yüngülcə itələməyə çalışırsınızmı?
- Piyada keçidində piyadaya "yol verərkən" maşını asta-asta piyadanın üstünə sürürsünüzmü?
- Yavaş danışanları sona qədər dinləməyib, sözünü kəsirsinizmi?
- Eskalatora minərkən "sol tərəfi keçid üçün boş saxlayın" deyilməsinə baxmayaraq, sağdakılarla bərabər sol tərəfdən minirsinizmi?
- Maşın sürərkən tıxaca baxmayaraq yolda tez-tez zolaq dəyişməyə çalışırsınızmı?
- Hər hansısa gözlənti səbəbi ilə 2-3 dəqiqədən bir telefonunuzu yoxlayırsınızmı?
- Eyni anda bir neçə işi görməyə çalışırsınızmı?
- Lifti çağırmaq üçün düyməni 70 dəfə basırsınızmı, baxmayaraq ki, nəticə dəyişməyəcək?
- Dünyadakı hər şeyin və hər kəsin sizə görə yavaş olduğunu düşünürsünüzmü?
Bunlar mənim gündəlik qarşılaşdıqlarımdır. Yəqin ki, hələ siyahını artırmaq olar.
Əgər bu punktların bir çoxu sizə özünüzü xatırladırsa, nə vaxtsa özünüzə sual vermisinizmi:
“Gün ərzində müxtəlif ‘qısayollar’ etməklə qazandığım vaxt həyatımda əsaslı nəyisə dəyişirmi? Əlavə saniyələrə bu qədərmi ehtiyacım var?”
Bu qədər tələskənlik işləri düzəltmir, əksinə daha da korlayır.
Səbrsizlik stress hormonlarının artmasına, stress də öz növbəsində səbrsizliyə səbəb olur. Beləcə dövrün içində sıxışıb qalırsınız.
Səbrsizliyiniz nəinki özünüzə, digər insanlara da zərər verir. Məsələn, növbəsinə girdiyiniz kimsə bu vəziyyətdən təbii ki, məmnun olmayacaqdır.
Səbrsizliyin ən böyük səbəblərindən biri “Instant Gratification” - yəni “ani həzzlər”, mükafatın qısa zamanda əldə edilməsi arzusudur.
Texnologiyanın inkişafı, geniş istifadəsi və sürətli məlumat axını insanlarda hər şeyi ən tez zamanda əldə etmək vərdişi formalaşdırır. Cəmiyyətdə “ani həzz mədəniyyəti” formalaşır.
İnternet, sosial şəbəkələr, video oyunlar, mesajlaşma tətbiqləri, video call tətbiqləri, ağıllı ev cihazları, yemək sifariş platformaları və s. bir çox saya bilmədiyim elementin ani həzz mədəniyyətinin formalaşmasında payları var.
Nümunə üçün:
Əvvəllər (nisbətən müasir dövrdə) yemək hazırlamaq üçün mağazaya getmək, lazım olan inqredientləri tapmaq, yoxdursa və ya bahadırsa digər mağazalara baş çəkmək, yemək üçün lazım olan elementlərin yaxşılarını seçmək və almaq, evə qayıdıb onların hər birini doğramaq, duzlamaq, bir sözlə hazır vəziyyətə gətirmək, bişirmək, sonra süfrəyə düzmək və son olaraq, bişirdiyimiz yeməyin çox duzlu, az duzlu və ya yanmış olmadığını ümid etməli olurduq. İndi yemək sifarişi tətbiqləri ilə heç yerə getmədən ləziz yeməklər 10-15 dəqiqəyə hazır vəziyyətdə süfrənizdədir. Heç bir əziyyət, effort olmadan, qısa zamanda nəticəyə nail olursunuz.
Ümid edirəm, nə qədər sürətli getdiyimizi izah edə bildim.
Qazandığımız bu sürət bizdə elə təəsürat yaradır ki, elə hər şey sürətli baş verməlidir, hər yerdə dərhal nəticə almalıyıq. Bu da öz növbəsində səbrsizliyə gətirib çıxarır.
Bu səbəblə günümüzdə digital detox bu qədər önəmlidir.
Həftədə ən azı 1 gün texnologiyadan maksimum uzaqlaşmalı, rəqəmsal dünyaya olduğu qədər real dünyaya da kifayət qədər vaxt ayırmalı, əcdadlarımızın etdiyi kimi təbii dopamin stimullaşdırıcı mənbələrə və fəaliyyətlərə yönəlməliyik.
Sürət əlbəttə ki, yaxşıdır. Amma bəzən yavaşlamaq, nəfəslənmək, ətrafa bir nəzər salmaq daha vacibdir.
Çünki ətrafınızdakı bəzi vacib şeyləri yalnız yavaşladığınızda görə biləcəksiniz.
382